Bakıda şagirdlər arasında mübahisə acı sonluqla bitib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən məktəblərdən birində baş verib.
Məktəb işçilərindən aldığımız məlumata görə xəsarət alan uşaq nümunəvi şagird olub, tərbiyəsi ilə seçilib. Lakin hadisənin təfərrüatlarını deməkdən boyun qaçırdılar.
Sonra məktəbdə təhsil alan uşaqlarla həmsöhbət olduq. Onların bildirdiklərinə görə şagirdin yıxılmasına səbəb sinif yoldaşları ilə arasında olan mübahisə səbəb olub. 14 yaşlı uşaq pəncərədən yıxılaraq başından və belindən xəsarət alıb.
TƏBİB-dən bildirilib ki, xəsarət alan şagird Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Pasiyentə belin küt travması diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərilən şagird ambulator müalicə üçün evə buraxılıb.
Uşağın anası övladının vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi də məlumat yayıb. Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.