Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Əziz Əliyev küçəsində evlər görkəmini itirib.
Xezerxeber.az-ın məlumatına görə, binaların fasadları sökülüb yenisi ilə əvəz ediləcəyi deyilib.
Lakin bu vədin üzərindən 7 il keçsə də məsələ öz həllini tapmayıb.
Sakinlər deyir ki, vaxtilə bu binaları inşa edən tikinti şirkəti artıq mövcud deyil.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən binalar "Məmmədli" MTK-ya aiddir. Binaların fasadları yanar üzlüklərlə üzlənmişdi. Paytaxt ərazisində çoxmərtəbəli binada baş vermiş məlum yanğın hadisəsindən sonra, respublika ərazisində yanar üzlüklər yanmayan materiallarla əvəzlənmişdi. Elə buna görə də bu ərazidə yerləşən binaların yanar üzlükləri MTK tərəfindən sökülüb, lakin sonradan yanmayan materiallarla əvəzlənməyib. Hazırda həmin MTK-nın rəhbər şəxslərinin bir neçəsi həbsdədir, bir neçəsi isə vəfat edib. Bu səbəbdən də binaların fasadlarının yanmayan materiallarla üzlənməsi məsələsi öz həllini tapmayıb.
Qurumdan o da bildirildi ki, sözügedən binalar dövlət balansında deyil. İcra hakimiyyətinə rayon ərazisində yerləşən MTK binalarında təmir-tikinti işlərinin aparılması istiqamətində hər hansı bir vəsaitin ayrılması nəzərdə tutulmayıb. İcra hakimiyyəti tərəfindən sakinlərlə bir neçə dəfə maarifləndirici söhbətlər aparılıb, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması tövsiyə edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.