Mərkəzi kanalizasiya sistemi çəkdirmək üçün özəl şirkətlə razılığa gələn sakinlər külli miqdarda ziyana düşüblər.
Xezerxeber.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi ''Qumadası'' adlanan ərazidə yaşayanlar bir müddət əvvəl kanalizasiya sisteminin çəkilməsi üçün özünü özəl şirkətlərdən birinin nümayəndəsi kimi təqdim edən Sabir Tağıyev adlı şəxslə razılığa gəliblər.
Sakinlər iddia edirlər ki, 185 ailə bu işdən zərər çəkib. Hər bir ailə 200 manatdan pul yığıb özünü şirkət nümayəndəsi kimi təqdim edən Sabir Tağıyevə verib. Pulu aldıqdan sonra adıçəkilən şəxs qəsəbə sakinlərinə bildirib ki, yaxın günlərdə işə başlanacaq.
Onlar deyir ki, həmin şəxs və onun işçiləri bir müddət sonra əraziyə tökülən boruları da gəlib götürüblər. Bundan sonra onlar ərazi üzrə 30-cu polis şöbəsinə Sabir Tağıyev barəsində şikayət ediblər.
Deyilənlərin nə qədər həqiqət olduğunu öyrənmək üçün Sabir Tağıyevlə əlaqə saxlamağa çalışsaq da, onun telefonuna zəng çatmadı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, həmin şəxslə bağlı rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.