Ağstafada qadın sahibkar uzun müddətdir ki, icarə əsasında xırdabuynuzlu heyvan saxladığı fermadan uzaqlaşdırıldığını və heyvanlarının oğurlandığını iddia edir.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Qara Həsənli kənd sakini, sahibkar Nazilə Orucova 5 ildir Ağstafa rayonunda, Ceyrançöl ərazisində icarəyə götürdüyü fermada xırdabuynuzlu heyvan saxladığını bildirir. O deyir ki, heyvandarlıqla məşğul olduğu ferma "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin balansındadır.
Fermer bildirib ki, müqavilə əsasında vergiləri də ödədiyi halda qurum növbəti il üçün icarə müqaviləsini artırmayıb və sahibkarı fermadan uzaqlaşdırıblar. Qadın sahibkar onu da iddia edib ki, heyvanları onun xəbəri olmadan fermadan yaşadığı evə gətirilib və 92 baş xırdabuynuzlu heyvan oğurlanıb. Fermer iddiası ilə bağlı yerli hüquq-mühafizə orqanlarını məlumatlandırdığını da deyib.
Fermerin sözlərinə görə, sonradan onunla imzalanan birgə fəaliyyət predmetinə daxil olan yeni müqavilə əsasında başqa bir ferma ilə təmin edilib. Lakin bu fermanın şəraiti onu qane etməyib. Sahibkar dam örtüyünün yararsız olduğu fermanı heyvandarlıq üçün əlverişsiz hesab edir və ötən qış ikinci yerləşdiyi fermada çoxsaylı heyvan tələfatı ilə üzləşdiyini də bildirir. Fermerin istəyi ona dəymiş maddi ziyanın ödənilməsi və keçmiş çalışdığı fermaya qayıtmaqır.
Poblemlə əlaqədər Kənd Təsərrüfat Nazirliyindən bildirildi ki, sahibkar Nazilə Orucova ilə hər il davamlı illik müqavilə bağlanılır. Müqavilənin tərkib hissəsi olaraq ona 20 hektar illik əkin sahəsi də verilir. Nazirlikdən o da bildirilib ki, ferma qadın sahibkarın öz istəyi ilə dəyişdirilib və səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Heyvanların oğurlanmasına qaldıqda isə bununla bağlı o hüquq mühafizə orqanlarına müraciət edib və aparılan araşdırmalar zamanı iddiası əksini tapmayıb. Bundan sonra da tərəflər aralarındakı mübahisə və anlaşımazlıqlara hüquqi müstəvidə aydınlıq gətirə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.