Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir.
Xezerxeber.az-ın məlumatına görə, Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
Birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.
Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, o cümlədən klub-icma mərkəzi, çoxfunksiyalı inzibati bina, bazar kompleksi, ticarət və məişət xidməti obyektləri, tam orta məktəb, körpələr evi-uşaq bağçası tikilib. Sarıcalı kəndində inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.