Bakı ilə yanaşı, bölgələrdə də elektromobil almaq istəyənlər çoxdur, amma şarj cihazlarının yetəri qədər olmaması buna ciddi mane olur.
Xezerxeber.az-ın məlumatına görə, statistikaya əsasən, son beş ildə ölkəyə gətirilən minik avtomobillərinin böyük qismini yanacaq mühərrikli maşınlar təşkil edir. Amma 2024-cü ildə elektromobillərin payı rekord həddə, yəni 35.45 faizə çatıb.
Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov deyir ki, enerjidoldurma məntəqələrinin sayının hələ də məhdud olması sürücülər arasında bəzi narahatlıqlara səbəb olur. Azərbaycanda 195 məntəqədə 500-ə yaxın enerjidoldurma cihazı quraşdırılıb ki, bu da elektromobil sayına görə azdır.
Ekspertin təklifinə görə, elektromobillərə marağı artırmaq üçün, yanacaqdoldurma məntəqələrinin sahibləri qarşısında öhdəlik qoyulmalıdır ki, enerjidoldurma bölümləri də yaratsınlar.
Eldəniz Cəfərov elektromobillərə marağı azaldan başqa nüanslara da toxunub. O hesab edir ki, ekoloji təmiz avtomobillərə marağı artırmaq üçün idxal edilən avtomobillərin ölkəmizdə rəsmi dillerləri də olmalıdır.
Onun sözlərinə görə, marağı artırmaq üçün bu cür problemlər olmamalıdır və sahibkarlara güzəştli subsidiyaların verilməsi tətbiq edilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.