Xəzər Xəbər

Başqa maşınların cərimələrinə görə işini itirdi, vəsiqəsinə məhdudiyyət qoyuldu VİDEO

Veb TV | 19:50 • 28 Mart 2025
Başqa maşınların cərimələrinə görə işini itirdi, vəsiqəsinə məhdudiyyət qoyuldu

Zərdab rayon sakini Kamal İsgəndərzadə özünə məxsus olmayan avtomobillərin cərimələrinin onun ünvanına gəldiyini iddia edir. Hətta sürücülük vəsiqəsinə məhdudiyyət də qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, cəmi 1 ay çalışdığı taksi şirkətinin avtomobillərinin cəriməsi Kamal İsgəndərzadəyə gəlir.

Kamal İsgəndərzadə deyir ki, bir neçə il əvvəl taksi şirkətlərindən birində çalışıb, lakin daha sonra işdən çıxıb. İndi çalışmadığı şirkətin 10 avtomobilinin cəriməsi onun adına göndərilir. Dediyinə görə, şəxsi avtomobili olmasa da, adına 3000 manata yaxın cərimə var.

Bu azmış kimi, Kamal İsgəndərzadə cərimələr səbəbindən sürücü kimi çalışdığı işindən də azad edilib.

Kamal İsgəndərzadənin iddiasına görə, cərimələrin əsas səbəbi taksi şirkətlərindən biri tərəfindən onun adına yazılan yol vərəqələridir. Lakin məsul şəxsi tapıb əlaqə saxlaya bilmədiyindən cərimələr gəlməkdə davam edir.

Vətəndaşın şikayətçi olduğu Arzu adlı şəxslə də əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verilmədi.

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, şəxsin hüquqlarının pozulması ilə bağlı qaldırdığı məsələ araşdırma predmetidir. Odur ki, həmin şəxs aidiyəti üzrə yazılı şəkildə müraciət etməli, məsələ araşdırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti