Bakının Sabunçu rayonu “Ləhiş bağları” adlanan ərazidə yerləşən evlərin həyətlərinə su dolub.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirilər ki, bir müddətdir, Kürdəxanı gölünün daşması onların işini əngələ salıb.
Sakinlər deyirlər ki, əvvəllər ərazidə vəziyyət bu cür olmayıb. Qeyri-sabit havalardan sonra gölün suyu daşıb və fəsadlar törədib.
Sakinlərin sözlərinə görə, suyun həyətlərə, bağlara dolması burdakı yaşıllıqlara da mənfi təsir göstərir.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, rayonun Bakıxanov, Sabunçu və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla digər qəsəbələrində o cümlədən, Kürdəxanı qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından yağıntılar zamanı bir sıra çökək ərazilərdə suların yığılması, həmçinin qəsəbənin Əliyar Əliyev küçəsində yerləşən göldə suyun səviyyəsinin qalxması müşahidə olunur. Hazırda sözügedən göldə suyun səviyyəsinin qalxmasının qarşısının alınması məqsədilə yığılan suların bir hissəsinin Pirşağı qəsəbəsində inşa edilmiş çirkab su təmizləyici qurğusuna ötürülməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülür, yaxın günlərdə göldə suyun səviyyəsi stabil vəziyyətə düşəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.