Səki yoxdur, olan hissələrdə də müxtəlif obyektlər tikilib.
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayon akademik Şəfayət Mehdiyev küçəsindəndir.
Yolun səki olan hissəsində iaşə obyektləri, gül mağazası və avtoyuma məntəqəsi fəaliyyət göstərir. Sakinlər deyirlər ki, nəqliyyatın intennsiv hərəkət etdiyi saatlarda küçədən keçmək müşkülə çevrilir. Bura da həm avtomobillər yuyulur, həm də onların üst başı batır.
Avtoyuma məntəqəsində çalışan şəxs deyir ki, burada avtomobillər onlar üçün ayrılmış xüsusi bokslarda yuyulur.
Avtoyuma məntəqəsinin icarədarı isə bildirir ki, 2013-cü ildən adıçəkilən ünvanda çalışırlar və Şəfaət Mehdiyev küçəsinin bəzi yerlərində səki əvvəldən olmayıb.
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində 2019-cu ildə yenidənqurma işləri aparılıb. Küçənin 800 metrlik bu hissəsi tam yenidən qurulub. 18 metr enində 4 cərgəli avtomobil yolu da vətəndaşların istifadəsinə verilib. Bundan başqa küçənin digər tərəfində sakinlərin təhlükəsiz gediş-gəlişi üçün səki istifadəyə verilib, dayanacaqlar quraşdırılıb, yol nişanları ilə təmin olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.