Su altında qalmış küçələr, həyətlər və evlər…
Xezerxeber.az xəbər verir ki, söhbət Abşeron rayonu Digah qəsəbəsi Hacı Zeynalabdin Tağıyev küçəsindən gedir.
Sakinlər deyirlər ki, yağış və qrunt suları aylarla, bəzən illərlə həyətlərində qalır. Problemin həlli üçün bəzi sakinlər həyətlərinə əlavə torpaq tökdürüblər. Lakin, bu da problemin həllinə kömək etməyib.
Onlar deyir ki, problemin kökü ərazidə kanalizasiya xəttlərinin olmamasıdır. Lakin bu proses uzun vaxt aldığından onlar suyun həyətlərindən çəkilməsini istəyirlər.
Sakinlərin problemi ilə əlaqədar, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, ərazidə mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə agentliyin sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Lakin buna baxmayaraq, intensiv yağıntılar zamanı rayon sukanal idarəsinin əməkdaşları əraziyə cəlb edilir, istismar qaydalarının mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətinə işlər icra edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.