Sosial şəbəkələrdə aktivliyi olmayan vətəndaşa kredit verilməyə bilər.
Söhbət davranış modelləri əsasında verilən kreditdən gedir.
Xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov bildirib ki, davranış modeli uzun müddətdir, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statistik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model bir sıra yenlikləri özündə ehtiva edir.
Vüqar Bayramov sözlərinə görə, bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir.
Sosial şəbəkə hesabı olmayan vətəndaşlara isə digər meyarlar tətbiq ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.