"Bakıda 10 yeni metro stansiyası inşa ediləcək".
Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı yeni metro stansiyalarının inşa ediləcəyi yerlərin artıq seçildiyini və bu ildən başlayaraq investisiyaların qoyulacağını bildirib.
Xezerxeber.az-ın xəbərinə görə, inşaat mühəndisi Azər Axundov deyir ki, metronun inkişafı və təkmilləşdirilməsi məqsədilə mövcud yaşıl və qırmızı xətlərin bəzi hissələrində xəttlərin fiziki olaraq bir-birindən ayrılması vacibdir.
Azər Axundov həmçinin qeyd edib ki, Qırmızı xəttin İçərişhər stansiyasından sonra Badamdar istiqamətində, Həzi Aslanov stansiyasından isə Zığ istiqamətinə xəttin açılması da prioritet məsələdir.
Xırdalan və Sumqayıt istiqamətində metro xətlərinin çəkilməsi məsələsinə gəldikdə isə Azər Axundov bildirib ki, hazırda yalnız bu istiqamətdə işləyən şəhərətrafı qatarların intervalını azaltmaqla yerüstü metronu inkişaf etdirmək mümkündür.
Ekspertlər isə Bakının baş planında proqnozlaşdırılan rəqəmlərə istinadən bildirirlər ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır. Yəni 10 metro stansiyasının tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.