Salyanda itkin düşmüş kişinin amansızcasına qətlə yetirildiyi məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, Salyan Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Salyan rayon sakini, 41 yaşlı Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib. Ötən ilin dekabrın 18-də itkin düşmüş Röyal Hüseynovu qətlə yetirməkdə onun arvadı təqsirli bilinir.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən edilərək prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olduğu üçün ailədə mütəmadi olaraq münaqişələr baş verirmiş. 15-20 gün bundan əvvəl kənddə Röyalın evdən silah və pul götürərək ova getdiyi və geri qayıtmadığı haqda məlumat yayılıb. Bundan sonra axtarışlar başlayıb.
Qətli törətməkdə ittiham edilən Mətanət Hüseynova Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızı olduğu bildirilir. Həkim açıqlamasında bildirib ki, qızından və onun ailəsindən 15 ildir ki, xəbəri yoxdur. Onların harada yaşadıqlarını belə bilmir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.