Fermerlər il boyu çalışır, yekunda əldə etdikləri məhsulları bazara birbaşa çıxara bilmirlər. Ucuz qiymətə alverçilərə satmaqla kifayətlənirlər. Nəticədə də məhsullar bazarlarda, mağazalarda daha baha qiymətə piştaxtalara çıxarılır.
Xezerxeber.az xəbər verir ki, göyçaylı fermerlərin sözlərinə görə, məhsullarını nə daxili, nə də xarici bazarlara özləri çıxara bilmirlər.
Şəkidə də fermerlər eyni problemdən əziyyət çəkirlər.
İqtisadçı Cəfər İbrahimli deyir ki, hazırda kənd təsərrüfatı məhsulları bazarlara bu işlə məşğul olan şəxslər və bir sıra şirkətlər vasitəsilə çıxarılır. Fermerlərin məhsullarını bazarlarda özlərinin satması məsələsi illərdir müzakirə mövzusudur.
Cəfər İbrahimli bildirir ki, fermerlərə məhsullarını satmaları üçün şərait yaratmaq məqsədilə həftənin müəyyən günlərində məhəllələrdə xırda bazar tipli yerlərin təşkili mümkün olar bilər. Ekspert bildirir ki, bu, yaxın ölkələrin təcrübəsində də var.
İqtisadçı Elşad Məmmədovun sözlərinə görə isə, fermerlərin bazarlara, xüsusilə də xarici bazarlara çıxışının təmin edilməsi bir çox istiqamətdə iqtisadi inkişafa müsbət təsir göstərə bilər.
İqitsadçı qeyd edir ki, fermerlərin kredit resurslarına çıxışının təmin olunması ilə bağlı da köklü dəyişikliklər edilməlidir. Bununla yerli istehsal xeyli güclənə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.