Bakının Nizami rayonu, Babək prospektində qaz quraşdırılmış avtomobildə partlayış olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün avtomobil hərəkətdə olan zaman baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq, avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.
Mövzu ilə bağlı danışan usta Əfqan Həsənov deyib ki, həmin avtomobilə qaz balonu sonradan quraşdırılıb və ciddi nasazlıq olub.
O hesab edir ki, daxili yanma mühərriki qazla təchiz edilən avtomobillər mütəmadi texniki yoxlamaya getməlidirlər. Əks halda avtomobildə hansısa bir hadisənin baş verməsi qaçılmazdır. O ki qaldı partlayışın olmasına, Əfqan Həsənov deyib ki, ''CNG'' qazla işləyən avtomobillərdə partlayış riski çox azdır. Bu yalnız yanacaqdoldurma məntəqəsində baş verə bilər. Yəni avtomobil hərəkətdə və yaxud da park vəziyyətində olmur.
Usta onu da əlavə edib ki, sürücülər avtomobildə yanacaq növünü dəyişərkən onu kustar üsulla yox, rəsmi servislərdə peşəkar ustalara etdirməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.