AZAL-ın qəzaya düşən təyyarəsinin “qara qutu”ları Braziliyaya çatıb və artıq qutuların oxunmasına başlanıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Braziliyanın "G1" portalı məlumat yayıb.
Nəşrin istintaqla tanış olan həmsöhbətinin sözlərinə görə, AZAL-ın "Embraer 190" təyyarəsinin “qara qutu”ları Braziliyaya 2 gün əvvəl çatıb. Kabindəki səsyazıcısının deşifrinə dünən başlanılıb. "Qara qutu"ların təhlilini Braziliya Hərbi Hava Qüvvələrinin Aeronavtika Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) mütəxəssisləri aparırlar.
Məlumata görə, texniklər pilotların səslərinin qeydlərini və qəza anına qədər təyyarənin vəziyyəti haqqında məlumatları “qara qutu”lardan çıxarmaq və təhlil etmək üçün çalışırlar. Bu, marşrutun dəyişdirilməsinin və təcili enişin dəqiq səbəblərini öyrənməyə kömək edəcək. CENIPA mütəxəssisləri tədqiq olunan vəziyyəti simulyasiya etmək və nəticə çıxarmaq üçün kompüter texnologiyasından istifadə edəcəklər. Uçuş 3D animasiya texnologiyalarının tətbiqi ilə tam vizuallaşdırılacaq. Bu da təyyarənin trayektoriyası, sürəti, hündürlüyü, sistemin işləməsi və uçuş idarəedicilərinin işi kimi müxtəlif parametrləri dəqiqliklə anlamağa imkan verəcək.
Nəşr qeyd edib ki, təhlil işi Braziliyanın Cenipa şəhərində aparılır və onu Qazaxıstandan üç tədqiqatçı, elcə də üçü Azərbaycan, üçü isə Rusiyadan olan texniklər müşayiət edir. "Qara qutu"lardan əldə olunacaq məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstanın Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə veriləcək.
"Uçuş qeydlərində olan məlumatların əldə edilməsi və təsdiqlənməsi ən qısa müddətdə baş verəcək", - deyə Braziliya Hərbi Hava Qüvvələrinin qeydində vurğulanıb.
Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev də bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq. Yekun hesabat isə üç ildən gec olmayaraq təsdiqlənəcək.
Bu arada "VÇK-OQPU" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb ki, Qroznıda araşdırmanın "hərbiyə aid hissəsi" məxfiləşdirilib. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin təcrübəli müstəntiqlərinin Çeçenistana səfərinə baxmayaraq, hərbiçilərlə bağlı bütün istintaq hərəkətləri Rusiya İstintaq Komitəsinin Çeçenistanda yerləşən 505-ci hərbi istintaq şöbəsinin müstəntiqləri tərəfindən aparılır.
"Təyyarəyə raket zərbələri endirən "Pantsir" döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam edilmiş müstəntiqlərin bəziləri araşdırmalar üçün Aktauya gedib.
“Əvvəl də məlumat verildiyi kimi, onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın onlara sualı yoxdur. Qəzaya təsir göstərə bilən digər halların təhlili də aparılır. Məsələn, GPS texnologiyası dünyada geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS radionaviqasiya sistemi ilə həyata keçirilirdi. İndi də bu üsul bütün dünyada istifadə edilir. Amma məlum olub ki, Qroznı hava limanında yenidənqurma işləri zamanı bu sistem sökülübmüş", - deyə məlumatda bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.