Xəzər Xəbər

Bir sıra kommunal xidmətlərin qiymətləri artdı VİDEO

Veb TV | 23:00 • 2 Yanvar 2025
Bir sıra kommunal xidmətlərin qiymətləri artdı

Bir sıra kommunal xidmətlər üzrə qiymətlər artırılıb.

Xezerxeber.az xəbər verir ki, Tarif Şurasının məlumatına əsaən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib.

Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər isə Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.

Əhaliyə göstərilən istilik təchizatı xidmətinin də yeni tarifi müəyyənləşib. Bu günə qədər "Azəristiliktəchizat" ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin tarifi 15 qəpik idi. Yeni qərara əsasən, İstilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal, təqribən 40-50 kvadrametr üçün 14,6 manat həddində müəyyənləşdirilib.

Təbii qaz tariflərinə gəldikdə isə, çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib. Əhali üzrə illik istehlak həcmi 1200 kub metr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik artırılaraq 12 qəpikdən 12,5 qəpik edilib. 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpiyə, 2500 kubmetrdən çox olan hissə üçün isə 5 qəpik, yəni 20% artırılaraq 25 qəpikdən 30 qəpiyə çatdırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik artırılaraq 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik artırılaraq 24 qəpik həddində müəyyənləşdirilib.

Elektrik enerjisi üzrə də yeni tariflər müəyyənləşdirilib. Əhali üzrə aylıq istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə,  300 kilovatt saatdan çox olan hissə üçün isə 2 qəpik artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

Tarif Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi də təsdiq edilib. Eyni zamanda, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti