Qəzalı vəziyyətdə olan Saray körpüsünün söküntüsü başlayandan sakinlər və sürücülər üçün ciddi problemlər yaranıb.
Xezerxeber.az-ın xəbərinə görə, Abşeron rayonu Saray qəsəbəsinin sakinləri deyirlər ki, ərazi üzrə fəaliyyət göstərən marşrut avtobuslarının hərəkət sxemində dəyişiklik edildiyindən çətinliklə üzləşirlər. Suqmayıta öz avtomobili ilə gedən sürücülər isə saatlarla "Yaşıldərə" yaşayış massivində tıxacda qalırlar.
Saray körpüsünün söküntüsü sürücülər üçün də çətinliklərə səbəb olub. Belə ki, alternativ yol kimi istifadə edilən Saray üzümlük -Yaşıldərə Sumqayıt yolunda günün istənilən saatlarında böyük tıxac yaranır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, söküntü və təmir işləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun, o cümlədən də 503 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Marşrut üzrə 13 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi, son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Agentlikdən o da bildirildi ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı tapşırıq verilib.
Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən isə "XəzərXəbər"ə bildirilib ki, gün ərzində hərəkətin intensiv olduğu vaxtlarında Yol Patrul Xidməti əməkdaşları tərəfindən gücləndirilmiş xidmət həyata keçirilir. "Yaşıldərə" yaşayış massivindən şəhərə daxil olan sürüclər maarifləndirilir və hərəkət istiqaməti tənzimlənir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.