Ehtiyatsızlıq qəzaya səbəb olub, nəticədə 2 nəfər ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllının Qurbanəfəndi kəndi istiqamətində baş verib. İlkin məlumatlara əsasən, avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Oğuz rayon sakinləri 24 yaşlı Səfər Rəşidov və digər 24 yaşlı Şükür Şükürlu dünyasını dəyişib.
Hadisə yerində xilasedicilər cəlb olunub. Aşan avtomobildəki sərnişinlər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrlə daha iki nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. 27 yaşlı Orxan Rəhimli və 36 yaşlı Tural Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Kəlbəcərdə də ölümlə nəticələnən yol qəzası olub. Hadisə rayonun bəylik kəndi ərazisində baş verib. Belə ki, rayonun Qamışlı kənd sakini, 50 yaşlı Şahlar Dadaşov idarə etdiyi avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb. Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan Bakı şəhər sakini, 33 yaşlı Allahverdi İbrahimbəyli isə müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonundakı xəstəxanaya yerləşdirilib. Hər iki şəxs tikinti şirkətinin işçiləridir. İlkin ehtimala görə, qəzaya yolun buzlu olması səbəb olub.
Gəncə şəhərində isə qəzadan sonra avtomobil çaya aşıb. Hadisə şəhərin Azərbaycan bayrağı küçəsində qeydə alınıb. Avtomobillə yük avtomaşını toqquşub. Zərbənin təsirindən minik avtomobili Gəncə çayına aşıb. Hadisə zamanı sürücü xəsarətlər alıb. Faktla bağlı araşdırma başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.