Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 150 min manatdan çox pul mənimsənilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanırlar. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb.
Həmin metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından ümumilikdə 150 min manatdan çox pul oğurlanıb.
Polis vətəndaşlara xəbərdarlıq edir ki, bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər.
Vətəndaşların bununla bağlı edilən müraciətlərinə əsasən DİN tərəfindən tədbirlər görülməkdədir.
"Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə - naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır”, - DİN-dən bildirilib.