Abşeron rayonu, Masazır qəsəbəsi sakini Samirə Abbasova rieltor tərəfindən aldadıldığını iddia edir.
Xezerxeber.az-ın məlumatına görə, qəsəbə sakini fərdi ev tikintisi üçün 30 min manata yaxın pul ödəyib, amma nə evi hazırdır, nə də pulunu geri ala bilir.
"Xəzər Xəbər"ə müraciət edən vətəndaş aldadıldığını iddia edir. Dediyinə görə, fərdi ev sahibi olmaq üçün bu işi görən rieltorla müqavilə bağlasa da, aylardır öz mənzilinə köçə bilmir. Buna səbəb isə tikintini həyata keçirən şəxsin verdiyi vədə əməl etməməsidir.
Aldadıldığını iddia edən Samirə Abbasova deyir ki, fərdi qaydada müqavilə bağlayaraq 30 min manat ödəyib. Əvəzində isə ona Masazır qəsəbəsində tam təmirli 3 otaqlı fərdi evin tikilərək təhvil veriləcəyi bildirilib. Verilən vaxt bitsə də, evin tikintisi tam başa çatdırılmayıb.
Haqqında iddialar səsləndirilən şəxslə - Bəxtiyar Əsədovla əlaqə saxladıq. O, maliyyə çatışmazlığı səbəbindən fərdi yaşayış sahəsinin tikilib vaxtında təhvil verilmədiyini bildirdi. Ancaq o, işin 1 ay ərzində yekunlaşacağını və vətəndaşın evinin ona təhvil veriləcəyini deyib.
Vətəndaş Samirə Abbasova isə verilən müddətdə mənzilinin ona təhvil verilməyəcəyi təqdirdə, məhkəməyə müraciət edəcəyini bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.