Yol qazılıb, su boruları dəyişdirilib, amma asfaltlamaq yaddan çıxıb…
Söhbət paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən gedir.
Sakinlər deyirlər ki, mərkəzi küçədə təhlükəli vəziyyət bir aydan çoxdur ki, davam edir. Rayon sukanal idarəsinin əməkdaşları su borurlarını dəyişdikdən sonra üzərini asfaltlanmadığı üçün bütün hərəkət iştirakçılarının gediş-gəlişi çətinləşib.
Sakinlər bildirirlər ki, yağışlı havada yolda təhlükə daha da artır. Sürücülər həmin nahamar yola daxil olmamaq üçün əks tərəfdən gələn nəqliyyatın yoluna çıxır ki, bu da qəza riskini daha da artırır. Üstəgəl piyadalar da palçığa girməsinlər deyə məcbur qalıb asflatla hərəkət edirlər.
Sakinlər aidiyyəti qurumdan ərazini tez bir zamanda asfaltlamasını tələb edirlər. Sözügedən yol rayon icra hakimiyyətinin balansında olduğu üçün Suraxanı rayon icra hakimiyyətinə müraciət etdik.
Qurumdan bildirildi ki, bununla bağlı iri şəhərlərin birləşmiş su təchizatı xidmətinə müraciət olunub. Xidmətdən isə cavab verilib ki, yaranmış problem yaxın vaxtlarda aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.