Xəzər Xəbər

Minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq VİDEO

Veb TV | 20:23 • 21 Noyabr 2024
Minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

"Sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək".

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Milli Məclis komitələrinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Sahil Babayev bildirib ki, növbəti ildə həm minimum əməkhaqqı, həm minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Nazir əlillik pensiyası kəsilən şəxslərə yenidən yoxlamadan keçməyi, xəstəxanaya müraciət etməyi məsləhət görüb.

Nazir əlavə edib ki, saxta şəkildə əlillikdən gəlir yeri kimi istifadəyə isə icazə verilməməlidir.

“İşlədiyi dövrdə bir qəpik sosial sığorta ödənişi olan adam pensiya sisteminə daxil olur. Vətəndaş heç vaxt işləməyibsə, 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiya sisteminə girməsinə icazə vermək olmaz", - deyə nazir bildirib.

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov isə deyib ki, Azərbaycanda 2025-ci ildə yaşayış minimumunun 285, 2026-cı ildə 300 manat olacağı proqnozlaşdırılır. O, 2021-ci ildən sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacağını da bildirib.

Milli Məclisin komitə sədri Azər Əmiraslanov məşğulluğun təminatı ilə bağlı məsələlərə toxunub. Qeyd edib ki, vakant yerlər barədə məşğulluq mərkəzinə məlumatların vaxtında verilməməsi məsuliyyət yaratmalıdır.

İclasda o da qeyd edilib ki, cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdırılıb. Bu baxımdan növbəti ildə 130 min nəfərin işlə təmin olunması hədəflənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar