2025-ci ildə Azərbaycanın 62 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına təmin edəcək.
Xezerxeber.az-ın xəbərinə görə, qalan 5 rayona isə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 5,3 milyon manat maliyyə yardımının ayrılması nəzərdə tutulur.
Növbəti ildə dövlət büdcəsinin yerli xərcləri 800,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 15,5 milyon manat və ya 2 faiz çoxdur. Yerli xərclərin 274,8 milyon manatı ətraf mühitin mühafizəsi xərclərinə, 225 milyon manatı icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 210.3 milyon manatı mənzil və kommunal təsərrüfatı xərclərinə, 53,7 milyon manatı nəqliyyat və rabitə xərclərinə, 6,2 milyon manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə və 30.3 milyon manatı digər xərclərə yönəldiləcək.
Gələn il dövlət büdcəsinin yerli xərclərində əməyin ödenişi xərcləri 205,9 milyon manat, iş və xidmətlərin alınması xərcləri 414,0 milyon manat, malların satınalınması ilə bağlı xərclər 5,0 milyon manat, qeyri-maliyyə aktivlərinə aid olan xərclər 117.3 milyon manat, subsidiyalar 55,7 milyon manat və sosial ödəniş xərcləri 2,4 milyon manat təşkil edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.