Bakı şəhəri, Xətai rayonunun Keşlə qəbiristanlığında bəzi qəbirlər çöküb və ətrafı dağılıb. Sakinlərin iddasına görə, bir neçə gün əvvəl ərazidə partlayış səsi eşidilib.
Xezerxeber.az-ın məlumatına görə, bir ailənin 3 üzvünün dəfn olunduğu ərazidə dağıntılar əmələ gəlib. Torpağın altından yüksək təzyiqli su kollektorunun səsi gəlir. Qəbirlər isə artıq görünmür.
Hadisə yerində olan Keşlə qəbiristanlığının müdiri kameramızın obyektivindən yayındı.
Bakı Şəhər İcra Hakimiyyətinin baş mühəndisi isə suallarımızı cavablandırmaqdan imtina etdi.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, Keşlə qəbiristanlığında illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması nəticəsində dağılıb, iki qəbir isə dağılma təhlükəsindədir. Məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciətlər olunub, əraziyə baxış keçirilib.
Kollektorda heç bir qəza hadisəsi baş verməyib, xətdə rejim dəyişikliyi olmayıb. Problemin kökü ondan ibarətdir ki, kollektorun üzərində qəbiristanlıq salınıb və bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.
Məsələ ilə bağlı Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə “Xəzər Xəbər”ə bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib. Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub. Hadisə ilə bağlı aidiyyəti üzrə kollektorun balansdaşıyıcısına müraciət edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.