Təhsil işçilərinə güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları veriləcək.
Xezerxeber.az-ın məlumatına görə, kartların veriləcəyi şəxslər müəyyən endirimlərdən də yararlanacaqlar.
Təhsil eksperti Kamran Əsədov deyir ki, hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələri, həmçinin orta məktəblərdə 200 mindən çox müəllim çalışır. Onun sözlərinə görə, təhsil sahəsində çalışanlar bu kartlar vasitəsilə müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən yararlana biləcəklər.
Ekspert deyir ki, təhsilverənlər dedikdə buraya müəllimlər, direktor və direktor müavinləri, təhsilin təşkili, qiymətləndirilməsində iştirak edən hər bir şəxs, yəni rəsmi müqavilə ilə çalışanlara aiddir. Sadalanan bu şəxslər sözügedən kartla təmin olunacaqlar.
Ekspertin sözlərinə görə, güzəştli kartlar vasitəsilə tibbi xidmətlərdə endirimlərdən də yararlanmaq olacaq. Hətta bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi də mümkündür. Kartı olan şəxslərə muzey, teatr, kinoteatr və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı da yaradılacaq. Qeyd edək ki, kartların yeni tədris ilindən verilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.