Hasarlar sökülərək geri çəkilir, səkilər tikilir...
Xezerxeber.az xəbər verir ki, söhbət Sabunçu qəsəbəsi, şəhər şosesindən gedir.
Küçənin səki hissəsi genişləndirilir, piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud hasar geri çəkilir. 470 metr uzunluğunda səki salınır.
14 gündür başlayan işlərin noyabrın 8-dək yekunlaşdırılması nəzərdə tutulur.
Ərazidə yeni avtobus dayanacaqları da yaradılacaq.
Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsində səki hissənin genişləndirilməsi və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Balaxanı Əməliyyat Şirkəti tərəfindən mövcud hasar geri çəkilir. Sözügedən hasar suvanacaq və rənglənəcək. O da qeyd edildi ki, rayon ərazisində yol kənarlarında ümumi görünüşə xələl gətirən primitiv formalı obyektlərin və hasarların abadlaşdırılması ilə bağlı işlər davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.