Xəzər Xəbər

Məktəblərə istilik 15 noyabrdan tez verilməlidir… - Ekspertlərdən ÇAĞIRIŞ VİDEO

Veb TV | 21:25 • 4 Noyabr 2024
Məktəblərə istilik 15 noyabrdan tez verilməlidir… - Ekspertlərdən ÇAĞIRIŞ

Məktəblərə istilik 15 noyabrdan tez verilməlidir…

Xezerxeber.az xəbər verir ki, həm ekspertlər, həm də valideynlər bu fikirdədirlər.

Təhsil eksperti Kamran Əsədov deyir ki, şagirdlərin sağlamlığı üçün istiliklə bağlı qaydalar yenilənməlidir. Məktəblərdə istiliyin verilməsi üçün 15 noyabr tarixinin gözlənilməsi, hazırkı mövcud hava və sağlamlıq tələbləri ilə uyğun gəlmir.

Ekspert bildirib ki, istiliklə bağlı 1969-cu ildə qəbul olunmuş bu qayda artıq öz dövrünü tamamlayıb və müasir iqlim dəyişikliklərinə uyğun deyil.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən, istilik mövsümü dağlıq rayonlarda 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixlərini əhatə edir. Noyabr ayının 1-dən etibarən dağlıq rayonlarda yerləşən təhsil müəssisələrinə təbii qazın verilməsi və istilik təchizatı təmin olunub. Müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla havanın temperaturu aşağı olan digər regionlarda yerləşən müəssisələrə də istiliyin verilməsi mümkündür.

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı isə bildirdi ki, Bakıda və bölgələrdə istilik mövsümü 15 noyabrda başlayır və aprelin 15-də yekunlaşır.

Qeyd edilib ki, hazırda 9 rayon və şəhərdə "Azəristiliktəchizat" ASC-nin qazanxana və 1 istilik məntəqəsi var, onlar da artıq işə salınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti