"ASAN xidmət" mərkəzlərində alternativ enerjidən istifadə olunacaq. Bu məqsədlə günəş panelləri quraşdırılıb.
Xezerxeber.az xəbər verir ki, bunu "ASAN xidmət" mərkəzlərində alternativ enerji mənbələrinə keçid" layihəsi ilə bağlı keçirilən təqdimat mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, "ASAN xidmət" mərkəzlərində ümumilikdə 19 milyon kilovat-saat elektrik enerjisi istehlak edilir. Bu, enerji tələbatını dayanıqlı şəkildə qarşılamaq üçün innovativ həllərin tətbiqini zəruri edir.
Layihənin tezliklə bütün "ASAN xidmət" mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur. Sədr qeyd edib ki, 2026-cı ilə qədər bütün asan mərkəzləri yaşıl enerji ilə təmin ediləcək.
Qeyd olunub ki, günəş enerjisindən istifadə və qabaqcıl texnologiyaların tətbiqi "ASAN xidmət" mərkəzlərində karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.