Xəzər Xəbər

Bakının Əhmədli qəsəbəsində evlər çökür VİDEO

Veb TV | 20:23
Bakının Əhmədli qəsəbəsində evlər çökür

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində bəzi evlərin həyətlərində çökmə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bir neçə gün öncə həmin küçədə ikimərtəbəli evin həyəti çökmüşdü.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakin deyir ki, evi hazır alıb, 18 il də içərisində yaşayıb.

Sakinlər deyirlər ki, problem iki həftədən çoxdur, davam edir. Nəticədə hər üç evin sakinləri evsiz qalıb.

Evi ilk olaraq uçan sakin üçün də heç nə dəyişməyib. Dediyinə görə, bu ərazidəki bütün evlər təhlükə altındadır.  

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən fərdi yaşayış evləri tikinti norma və qaydalarının tələbləri pozulmaqla tullantı sularını daşıyan magistral xəttin üzərində tikilib. Bu barədə sakinlərə dəfələrlə xəbərdarlıq edilib, müvafiq qurumlara da müraciət olunub. Xidmətdən o da qeyd edildi ki, ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır.

"Qısa araşdırmalardan sonra o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib",-deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, hündürlüyü 12 metrdən çox olmayan, üçmərtəbəli fərdi yaşayış evləri məlumatlandırma icraatı üzrə inşa edilir. Bu zaman yalnız memarlıq planlaşdırma və ərazinin baş planı bölməsinin işlənməsi tələb olunur. Məlumatlandırma üzrə icraat isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid deyil.

Xətai Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa çalışdıq. Ancaq qurumdan mövqe öyrənmək mümkün olmadı. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar