Xəzər Xəbər

Əsassız yerə təcili yardım çağıranların cərimələnməsi məsələsi müzakirə edilə bilər VİDEO

Veb TV | 10:20
Əsassız yerə təcili yardım çağıranların cərimələnməsi məsələsi müzakirə edilə bilər

Bəzi insanlar günün müxtəlif saatlarında  təcili tibbi yardımın qaynar xəttini əsassız zənglərlə məşğul edir. Buna görə heç bir inzibati məsuliyyət tədbiri olmadığından problem hələ də qalmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, həkim Ramiz Cəfərov deyir ki, əsas problemlərdən biri ünvanı tapmaqdır. Çünki bəzi çağırış edən şəxslər illərdir, yaşadığı ünvanı bilmir. Ya səhv ünvanı deyirlər, ya da heç ümumiyyətlə ünvan deyə bilmirlər.

Respublika Təcili Və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadənin sözlərinə görə, gün ərzində briqadalar təxminən 2500-dən çox çağırış qəbul edir. Həmin çağırışların isə təqribən 30-40 faizi əsassız olur. Bu isə həqiqətən də təcili tibbi yardıma ehtiyacı olanların bu xidmətdən qısa zamanda yararlanmasına əngəl törədir.

Nəzrin Adıgözəlzadə deyir ki, əsassız çağırışları öncədən müəyyən etmək olmur. Həkim ünvana getdikdən sonra çağırışın əsaslı və ya əsassız olması üzə çıxır.

Millət vəkili Fazil Mustafa isə deyir ki, vətəndaş polisi əsassız səbəblərə görə narahat edirsə, inzibati qaydada məsuliyyətə cəlb olunur: “Lakin təəssüf ki, təcili tibbi yardıma edilən əsassız çağırışlara görə hər hansısa bir cəza tədbiri nəzərdə tutulmayıb”.

Millət vəkilinin sözlərinə görə, saxta çağırışların intensivliyi artarsa və lazımi qurumlar bu barədə təkliflər irəli sürərlərsə, bu zaman Milli Məclis səviyyəsində müzakirə oluna və müəyyən qərarlar qəbul edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar