Xəzər Xəbər

Yaxta kirayələmək istəyən şəxsin pulu mənimsənilib VİDEO

Veb TV | 22:23 • 10 Oktyabr 2024
Yaxta kirayələmək istəyən şəxsin pulu mənimsənilib

Yaxta kirayələmək istəyən şəxsi aldadaraq pulunu mənimsəyiblər.

"Xəzər Xəbər"ə müraciət edən vətəndaş Aytac Paşayeva belə iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Aytac Paşayeva bildirir ki, sosial şəbəkədə yaxta kirayəsi ilə bağlı elan görüb. Şərtlər diqqətini çəkib və o da bu xidmətdən yararlanmaq istəyib. Ancaq elə hər şey də bundan sonra başlayıb.

Şikayətçinin sözlərinə görə, elanın paylaşıldığı "İnstagram" səhifəsi ilə əlaqə saxlayaraq, yaxta kirayələmək üçün müraciət edib. “Kirayəçilər” ona yaxtanı 6 saatı 140, 12 saatı 190, 24 saatı isə 240 manata təklif ediblər. Aytac Paşayeva deyir ki, 6 saat üçün 140 manat ödəniş etdikdən sonra səhifə ilə bir daha əlaqə saxlaya bilməyib.

O iddia edir ki, "İnstagram"da bir çox istifadəçinin qarşısına çıxan yaxta kirayəsi səhifəsi onlarla şəxsi eyni qaydada aldadaraq pullarını mənimsəyib. Təfərrüatları dəqiqləşdirmək üçün sözügedən səhifədə qeyd edilən nörmə ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verilmədi. Səhifəyə yazdığımız mesajlar da cavablandırılmadı. 

Daxili İşlər Nazirliyindən isə bildirildi ki, vətəndaşlar belə hallarla üzləşdikdə nazirliyin 102 zəng mərkəzinə və digər əlaqə vasitələri ilə məlumat versinlər.

O da qeyd olundu ki, DİN-ə daxil olmuş müraciətlər əsasında araşdırma aparılacaq və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti