Xəzər Xəbər

İrandan Azərbaycana uçuş aparatı ilə narkotik keçirmək istədilər – Əməliyyatın DETALLARI VİDEO

Veb TV | 23:00 • 30 Sentyabr 2024
İrandan Azərbaycana uçuş aparatı ilə narkotik keçirmək istədilər – Əməliyyatın DETALLARI

Narkokuryerlik etməkdə şübhəli bilinən beş nəfər həbs olunub...

Xezerxeber.az xəbər verir ki, əməliyyatlar paytaxtın Nərimanov rayonunda keçirilib. Son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir Əliyev saxlanılıblar.

Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yol polisi isə Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən stasionar postda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısını alıblar.

Bakı şəhər sakini Mahir Qasımovun idarə etdiyi avtomobilə baxış zamanı oradan xüsusi qablaşdırılmış narkotik vasitə və 1,3 kiloqram qızıl məmulatları aşkar edildiyindən Mahir Qasımov aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib. Uçuş aparatı saxlanılıb və üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkar edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti