Bəzən rayondan Bakı istiqamətinə hərəkət edən avtobuslar oturacaq sayından əlavə sərnişin götürür.
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə rayonlararası fəaliyyət göstərən avtobusun nəzərdə tutulandan çox sərnişin daşıması ilə bağlı görüntülər paylaşılıb.
Videoda Xaçmaz-Bakı marşrutu üzrə hərəkət edən nəqliyyat vasitəsinin nəzərdə tutulandan 11 nəfər artıq sərnişin götürüldüyü qeyd olunub. Bəzi vətəndaşlar bildirirlər ki, sürücülərin hərəkətə başladıqdan sonra yol kənarından əlavə sərnişin götürmələri səyahət boyunca nəqliyyat vasitəsində olan digər şəxslərin narahatlığına səbəb olur.
Vətəndaşlar deyirlər ki, uzunmüddətli səfər zamanı nəqliyyat vasitəsindən yalnız bileti olan sərnişinlər istifadə etməlidirlər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, nəqliyyat vasitələrində, o cümlədən avtobuslarda nəzərdə tutulandan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.