Ölkəmizdə saatlıq əməkhaqqının tətbiqi ilə bağlı yeni mexanizm hazırlanır. Müzakirələr tamamlandıqdan və mexanizm tam hazır olduqdan sonra saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər.
Bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müzakirələr aparılıb.
Vüqar Bayramovun fikrincə, yeniliyin tətbiqindən sonra vətəndaşlar daha çox əməkhaqqı ala bilərlər. Bu mexanizm tətbiq olunacağı halda əmək hüquqları da daha yaxşı qoruna bilər.
"Sözsüz ki, bu zaman Əmək Məcəlləsinə dəyişikliyin edilməsinə ehtiyac yaranacaq. Müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinə bu istiqamətdə dəyişiklik təklif olunarsa, bu eyni zamanda Milli Məclisdə müzakirə olunacaq"- deyə Vüqar Bayramov vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, hazırda saatlıq əməkhaqqının tətbiqi ilə bağlı müzakirələr davam edir. Nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.