Bakıda marşurut avtobuslarına hücum edilib, təkərləri deşilib. Hadisə paytaxtın Səbail rayonu ərazisində, Bayıl qəsəbəsində baş verib.
Xezerxeber.az-ın məlumatına görə, qəsəbə daxilində işləyən avtobuslara həmin xəttin əvvəlki daşıyıcısı tərəfindən ziyan vurulduğu iddia edilir.
Araşdırma zamanı məlum olub ki, 56 nömrəli marşrut xəttində avtobusların yenilənməsi məqsədilə avqust ayının 5-də tender keçirilib. Tenderin qalibi isə ''Xan Nəqliyyat'' MMC olub. Dünən ilk dəfə sərnişinlərə xidmət üçün xəttə çıxarılan avtobusların fəaliyyətinə əvvəlki sahibkar, Niyazi adlı şəxs tərəfindən maneə törədildiyi iddia edilir. Hətta bəzi avtobusların bilərəkdən təkərlərinin deşildiyi iddiaları da var.
56 nömrəli marşrut xəttinin yeni daşıyıcısının kalon rəisi Seymur Həsənov bildirdi ki, həmin hadisəyə görə, sərnişinlər yolda qalıb. Ancaq aidiyyəti qurumların işə müdaxiləsindən sonra onların avtobuslarının fəaliyyəti tam təmin edilib.
İddialarla bağlı marşrut xəttinin keçmiş müvəqqəti istismarçısı Niyazi İsmayılov ilə əlaqə saxladıq. O isə iddialarla razılaşmadı. Üstəlik bildirdi ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən müsabiqə ilə bağlı ona xəbərdarlıq edilməyib.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Bu işlər çərçivəsində 56 nömrəli şəhərdaxili marşrut da müsabiqəyə təqdim olunub və sentyabrın 5-də qalib elan olunub. Beləliklə, sərnişinlərin ixtiyarına müasir və komfortlu avtobuslar verilib.
Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən izahatları alınıb. Müvafiq araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.