Xəzər Xəbər

Bakı metrosunda sərnişin sıxlığı yaranır, qatarlar gecikir VİDEO

Veb TV | 19:34 • 17 Sentyabr 2024
Bakı metrosunda sərnişin sıxlığı yaranır, qatarlar gecikir

Son günlər sosial şəbəkələrdə Bakı metrosundakı sıxlıqla bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarından isə Bakı Metropoliteninin "Dərnəgül" stansiyasından "Azadlıq prospekti" stansiyası istiqamətində gələn qatarlar arasında intervalın 9 dəqiqəyə çatması barədə məlumat yayılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, qeyd olunan stansiyada intervalın bu qədər artması sərnişin sıxlığının azaldılması üçün qatar manevrlərindən istifadə ilə bağlıdır. Onun sözlərinə görə, metropolitendə səhər tezdən gur saatlarda texniki cəhətdən mümkün ən sıx intervallar təyin edildiyindən, sərnişin sıxlığının tənzimlənməsi üçün qatarların manevrlərindən istifadə olunur.

Onun sözlərinə görə, hər yeni tədris ilinin ilk iki həftəsində metroda sıxlıq artır.

Bəzi hallarda qatarların elə sərnişinlərin müdaxiləsi nəticəsində gecikdiyi bildirilir. Çünki vaqonun qapısına sərnişin müdaxilə etdikdə idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşür. Bunun aradan qaldırılması isə vaxt alır.

Bu gün həmçinin "Xalqlar dostluğu" və "Neftçilər" stansiyaları arasında hərəkət edən qatarda maşinistin idarəetmə pultuna qapılarda nasazlığın olduğu ilə bağlı məlumat daxil olub. Nəticədə normativə uyğun olaraq sərnişinlər boşaldılıb, "Koroğlu" stansiyasında qapılara yenidən baxış keçirilib, heç bir problemin olmadığı məlum olub. "Koroğlu" stansiyasından həmin qatar sərnişinləri yenidən götürüb. Nəticədə intervaldan əlavə "Neftçilər" ilə "Ulduz" stansiyaları arasında 4 dəqiqə yubanma yaranıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar