49 yaşlı məktəb artıq öz doğma sakinlərinə bu gün yeni binasında qapılarını açıb.
Xezerxeber.az xəbər verir ki,1975-ci ildə inşa olunmuş Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbinin binası yararsız halda olduğundan Heydər Əliyev Fondu tərəfindən yenidən inşa edilib. 132 şagird yerlik yeni 2 mərtəbəli məktəb binası 3 korpusdan ibarətdir. Məktəb bütün zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Rayonun Bağırlı kəndindəki məktəb də Heydər Əliyev Fondu tərəfindən inşa etdirilən məktəblər sırasındadır. 460 şagird yerlik yeni məktəb binası artıq şagird və müəllimlərin istifadəsinə verilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Yeni tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra yeni inşa olunmuş məktəblərin sırasında Ağstafa rayonu Zəlimxan kənd tam orta məktəbin binası da var. Məktəb binasının birinci korpusu 1930-cü ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib.
Xaçmaz rayonunun İstisu qəsəbəsində 1938-ci ildə inşa olunmuş tam orta məktəb də ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondunun təhsil sahəsindəki növbəti layihəsinin ünvanı məhz Xaçmazın həmin qəsəbəsi seçilib. Bilik Günündə təhsil müəssisəsi şagird və müəllimlərin istifadəsinə verilib.
Qeyd edək ki, yeni tədris ilində ilk dərs "yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaaterialı təqdim edir.