Qubada iki aydan çoxdur ki, selin dağıtdığı körpü hələ də bərpa edilməyib. Mövcud vəziyyət sakinləri narahat edir.
Xezerxeber.az-ın məlumatına görə, Qubanın Bad kəndində 80 yaşayış evi var. Ancaq məktəbi yoxdur. Məktəb qonşu Məccə Xacə kəndindədir və 200-ə yaxın şagird bu kəndə gedir. Hər iki kəndin ortasından isə çay keçir. İki ay öncə Cağacuqçaya gələn sel piyada körpüsünü sıradan çıxardıb. Sabahdan tədris başlayır, valideynlər də buna görə narahatdırlar.
Sel körpünün dirəklərini aşıraraq yuyub aparıb. İllərlə bu körpüdən istifadə edən badlılar bu il çətinliklə üzləşiblər. Bad kənd sakinləri uşaqlarını qonşu kəndə göndərməkdə çətinliklə üzləşəcəklərini deyirlər.
Sakinlər bildirirlər ki, sel aparan körpüyə görə dəfələrlə müraciət ediblər, ancaq bir faydası olmayıb.
Məsələ ilə bağlı Bad bələdiyyəsinin sədri Aydın Kazımov “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, vergilərin tam yığımı başa çatandan sonra körpünün təmirinə başlanılacaq. O ki qaldı uşaqların məktəbə getməsinə, o deyib ki, bunun üçün alternativ yollar mövcuddur. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaaterialı təqdim edir.