Xəzər Xəbər

Bakıda bir gecənin içində park üçün nəzərdə tutulan ərazidə bina tikiblər - İDDİA və CAVAB VİDEO

Veb TV | 19:50 • 13 Sentyabr 2024
Bakıda bir gecənin içində park üçün nəzərdə tutulan ərazidə bina tikiblər - İDDİA və CAVAB

Bakıda bir gecənin içində park üçün nəzərdə tutulan ərazidə bina tikiblər. Bunu ərazidə yaşayan sakinlər iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yaşayan sakinlər iddia edirlər ki, onların yaşadığı binanın həyətində qanunsuz tikililər inşa edilir. Halbuki onlar buradan mənzil alarkən planda həyət-park kimi qeyd edilib. Onların fikrincə, yeni tikililər həyətin ərazisini daraltmaqla yanaşı, hərəkəti də çətinləşdirir.

Sakinlər deyirlər ki, ərazidə tikinti qanunsuz aparılır və narahatlığa səbəb olur.

Binanı tikən “Maşınqayıran” MTK-dan isə bildirdilər ki, həyətdəki tikililərlə bağlı sənədləşmə işləri aparılır.

“Maşınqayıran” MTK sədrinin müavini Xanlar Ağayev deyib ki, sözügedən tikili binanın təhlükəsizlik xidmətinin əməkdaşları və texniki işçilər üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, hazırda ikimərtəbəli tikilinin layihələndirilməsi işləri gedir və yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunacaq.

Qeyd edək ki, sözügedən binanın tikintisi dayandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti