Xəzər Xəbər

Suda boğulanların meyitləri tapıldı VİDEO

Veb TV | 20:50 • 15 Avqust 2024
Suda boğulanların meyitləri tapıldı

Tovuz rayonunda bu ilin iyununda avtomobilin Kür çayına düşməsi nəticəsində suda boğulan daha bir şəxsin meyiti aşkar edilib.

Xezerxeber.az-ın məlumatına görə, Kür çayında batan Tovuz rayon sakini, 36 yaşlı Elxan Sadıqovun meyiti tapılıb və tibbi ekspertizaya aparılıb. Ötən gün isə Tural Quliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi. Bundan bir müddət əvvəl də Vüqar Cəfərovun meyiti tapılmışdı. Hadisənin təfərrüatları  aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Sumqayıtda da su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 9-da stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Abusət Əliyevin meyiti dalğıc-xilasedicilər tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ağstafada da boğulma olub. Hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində qeydə alınıb. Batan şəxsin  Ağstafa rayonu, Soyuqbulaq qəsəbə sakini 56 yaşlı Rasim Şıxıyev olması müəyyən edilib. Əraziyə dalğıc-axtarış qrupu cəlb olunub. Rasim Şıxıyevin meyiti sudan çıxarılaraq aidiyyyəti üzrə təhvil verilib.

Abşeronda isə göldən qadın meyiti tapılıb. Aşağı Güzdək qəsəbəsi ərazisinə xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Alıyeva Xoşgül İman qızının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar  araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti