Xəzər Xəbər

Əmircanda kanalizasiya suyunun küçəyə axması sakinləri narahat edir VİDEO

Veb TV | 21:33 • 14 Avqust 2024
Əmircanda kanalizasiya suyunun küçəyə axması sakinləri narahat edir

Dörd qəsəbənin kanalizasiya suyu Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oktay Əliyev küçəsinə axır. Nəticədə burada gölməçə yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, gündüzü mazut, gecəsi isə üfunət olan Əmircan qəsəbənin Oktay Əliyev küçəsində 25 ailənin məskunlaşdığı bina qəzalı vəziyyətdədir.

Ətrafdakı yüzlərlə fərdi evin kanalizasiya xətti yoxdur. Yaşı iki əsri ötən ikimərtəbəli binanın eyvanı da bu üfunət qoxan mənzərəyə açılır.

Gölməçənin əhatəsində  neft buruqları var. Ərazi hündürlüyü evlərə bərabər qamışlarla doludur. Sakinlər deyir ki, bu ərazidə rütubətin çoxluğu onlarda müxtəlif xəstəliklərə yol açıb.

Suraxanı rayonu, Əmircan qəsəbə ərazisi üzrə icra nümayəndəsi Əlixan Əliyev “Xəzər Xəbər”ə müsahibəsində sakinlərin üzləşdikləri problemlərin həlli istiqamətində addımların atılacağını deyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən “Xəzər Xəbər”ə verilən məlumata görə, 3-cü Mədən küçəsi ərazisində yerləşən gölə bir neçə müddət əvvəl baxış keçirilib. Gölə axıdılan çirkab sularının böyük həcmini "Suraxanı Oil"a məxsus mədən suları təşkil edir. Ərazidə hazırda kanalizasiya şəbəkəsi mövcud olmadığından ətraf ərazilərin tullantı suları da həmin gölə axıdılır. Tədbirlər həyata keçirmək məqsədilə monitorinq qrupu yaradılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar