Bakı-Ələt magistralında piyadalar və sürücülər üçün təhlükə yaranıb.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, yolun Qobustan qəsəbəsindən keçən hissəsinin kənarındakı hasar aşmaq üzrədir.
Xezerxeber.az-ın məlumatına görə, səki olduqca balaca, hasar isə yolun hərəkət hissəsinə yaxındır. Bu isə o deməkdir ki, hasar piyadalarla yanaşı, avtomobillərin də üzərinə aşa bilər.
Hasarın digər hissələrində də çatlar əmələ gəlib.
Məlumata görə, həmin hasar illər əvvəl tikilib. Üstəlik, üzərinə örtək daşları vurulub. Bu səbəbdən hasarın yükü də artıb.
Problem ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin hasar Agentlik tərəfindən tikilməyib və qurumun balansında deyil.
Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.