Qızıl bazarında kifayət qədər saxta zərgərlik məmulatları mövcuddur.
Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının idarə heyətinin sədr müavini Rövşən Əmircanov deyib.
O bildirib ki, əyar damğası zərgərlik məmulatlarının keyfiyyətinin zəmanətidir. Buna nəzarət edən orqanın olmaması isə hazırda bazarda kifayət qədər saxta zərgərlik məmulatlarının olması ilə nəticələnib.
Rövşən Əmircanov bildirib ki, əyar nəzarətinin olmaması nəticəsində bazarda kifayət qədər saxta məmulatların mövcudluğu zərgərlərin, həmçinin vətəndaşların aldanma riskinin yüksək olmasına gətirib çıxarır. Bu səbəbdən də alıcılar mütləq diqqətli olmalı və məhsulun keyfiyyət sertifikatını tələb etməlidirlər.
Ekspert onu da qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılmış qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.