"BakıKart" mobil tətbiqinin işində problem yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, vətəndaşların avtobus, həmçinin metroda validatorlardan keçid üçün istifadə etdiyi mobil tətbiq bir neçə gündür işləmir.
Onlar bildirirlər ki, tətbiqin işində ciddi problemlər mövcuddur. İstifadəyə verildiyi vaxtdan tətbiq doğru-düzgün işləmir, ödəniş daxil edilən zaman kəsilmələr baş verir, proqram olduqca çətin açılır, QR-kodu validator gec oxuyur, izləmə funksiyası işləmir, bəzən isə proqramda gələcək avtobusun vaxtı ilə dayanacağa gələn vaxt arasında uyğunsuzluq olur.
Ötən gün “Bakı Metropoliteni” məlumat yayaraq bildirmişdi ki, 2024-cü ilin ilk 6 ayı ərzində metrodan QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, iyul ayı ərzində isə azalaraq bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və digər alternativlərdən istifadə etmək xahiş olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.