Xəzər Xəbər

Xəstəxanada qətl törədilib TƏFƏRRÜAT/VİDEO

Veb TV | 21:30 • 9 Avqust 2024
Xəstəxanada qətl törədilib

Sumqayıtda dəhşətli qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sumqayıt Tibb Mərkəzinin Travmatologiya şöbəsində baş verib.

 İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğu da məlumat yayılıb.

Bildirilib ki, avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Travmatologiya xəstəxanasında müalicə alan 23 yaşlı Cəmilə Rəsulovanın öldürülməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 26 yaşlı İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisəyə gəlincə, qayın öz qardaşı arvadını görmək məqsədilə içəri daxil olub. Cəmilə Rəsulovanı otaqda öldürdükdən sonra qaçmaq istəyib, lakin TƏBİB-in mühafizə xidmətinin əməkdaşı İsrail Rəsulovun əlindəki bıçağı alıb və onu dərhal polisə təhvil verib. Qətlin nə üstündə törədildiyi hələ ki məlum deyil.

Sumqayıt Tibb Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, Cəmilə Rəsulova 2 gün bundan öncə hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib. Bu gün isə səhər radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır.

Qeyd edək ki, meyit Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar