Avtomobilini etibarnamə ilə dostuna idarə etməyə verən şəxs 400 manat cərimə olunub.
Xezerxeber.az-ın məlumatına görə, belə bir vəziyyətlə paytaxt sakini Elcan Yusubov üzləşib.
Avtomobilin sahibi Elcan Yusubov iddia edir ki, 99-TA-351 dövlət qeydiyyat nişanlı maşınını etibarnamə ilə tanışı Bəxtiyar Əliyevə idarə etməyə verib. Bir müddət sonra sürücü şəhər ərazisində yol polisi tərəfindən saxlanaraq cərimə edilib.
Elcan Yusubovun sözlərinə görə, yol polisi Bəxtiyar Əliyevi saxlayarkən ona bildirib ki, sistemdə sürücülük vəsiqəsinə məhdudiyyət aradan qaldırılmamış kimi görünür.
Bu səbəbdən yol polisi avtomobilin sahibi Elcan Yusubova inzibati qaydada 400 manat cərimə yazıb.
Vətəndaşın üzləşdiyi bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin əməkdaşı Mübariz Ağayev ''Xəzər Xəbər''ə bildirdi ki, bu, araşdırma predmetidir. ''Bununla bağlı sürücü mütləq rəsmi qaydada müraciət etməlidir. Məsələ araşdırılmalı və nəticəsi barədə sürücüyə rəsmi cavab veriləcək''.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.