Bakının 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.
Xezerxeber.az-ın məlumatına görə, bu məqsədlə sabah səhər saat 6-dan 12 avqust səhər 9-a qədər prospektin bir istiqamətində hərəkət məhdudlaşdırılacaq.
İşlər Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görülür.
Qurumun mətbuat katibi Anar Nəcəfli deyir ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan, yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır.
Qeyd edək ki, prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur. Sürücülərdən təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.