Xəzər Xəbər

Qisas hissi qətllə yekunlaşdı TƏFƏRRÜAT/VİDEO

Veb TV | 20:06 • 8 Avqust 2024
Qisas hissi qətllə yekunlaşdı

Ötən gün Bakıda 52 yaşlı kişi işlətdiyi obyektdə güllələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində, dəniz kənarında baş verib.

Rayon hüquq-mühafizə xidmətinə məlumat daxil olub ki, 52 yaşlı Amin Xudaverdiyev qəsdən öldürülüb.

Dərhal hadisə yerinə əməliyyat qrupu gəlib, araşdırmalara başlayıblar. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

31 yaşlı Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.  Başqa bir məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi başlanan Pərviz Xudaverdiyevin istintaqı hazırda davam etdirilir.

Ötən gecəki qətlin də məhz qisas zəminində törədildiyi deyilir. Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti