Qazaxın Ağköynək kəndində yerləşən kanalın üzərindəki körpünün məhəccərinin olmaması sakinlər üçün təhlükəyə çevrilib. Çünki avtomobillər, insanlar və heyvanlar kanala düşür.
Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri iddia edirlər ki, bu səbəbdən illərdir ki, kənddə oxşar hadisələr təkrarlanır.
Sakinlər bildirir ki, mövcud vəziyyətlə bağlı rayon rəhbərliyi və aidiyyəti qrumlar da məlumatlandırılıb. Lakin heç bir iş görülməyib.
Məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyətindən bildirildi ki, körpü onların balansında deyil.
Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsindən isə bildirildi ki, sözügedən kanal 1971-ci ildə istifadəyə verilib. Körpü də o vaxtdan inşa edilib. 2012-ci ildə isə yol kənarında bulaq inşa edilib. Bu kanalın ümumilikdə 27 ədəd keçidi, körpüsü var. Layihədə isə heç birində məhəccər nəzərdə tutulmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.